Quranda artıq hərf (söz) varmı?
Alimlər arasında müzakirə olunan önəmli və həssas mövzulardan biri də Quranda artıq hərflərin olub-olmadığıdır. Әksəriyyətin görüşü Quranda artıq heç bir hərfin olmadığı yönündə olmasına baxmayaraq bəzi böyük alimlər belə bir şeyin olduğunu iddia ediblər. Məsələn, nəhv elminin (ərəb dili qrammatikası) nəhənglərindən hesab olunan Sibaveyhi özünün "əl-Kitab" adlı əsərində "Maidə" sürəsinin 13-cü ayəsində (فبما نقضهم) keçən "ما" barəsində belə deyir:
إن "ما" لغو لأنها لم تُحدث شيئاً
"Ayədə işlənən "ma" hərfi artıqdır, çünki, yeni heç bir məna ifadə etmir".
Lakin, bir çox alimlərimiz Sibaveyhinin bu ifadəsiylə razılaşmayıblar. Çünki, bu fikri qəbul etmək Quranın bəlağət və fəsahətli bir kitab olmasına xələl yetirib onun səmavi bir kitab olmasını sual altında qoyar.
Bununla yanaşı islam alimləri Quranda bəzi hərflərin artıq olduğunu qəbul ediblər. Amma, Sibaveyhinin dediyi şəkildə yox. Bunun üçün ilk öncə erabda olan artıqlıqla mənada olan artıqlığı ayırd ediblər. Bu hərflər erab cəhətdən artıq olsalar da məna cəhətdən artıq deyillər. Belə ki, bu növ hərflər cümlədə işləndikdə təkid bildirir. Ona görə də onun cümlədəki yerini əbəs və ləğv adlandırmaq yanliş olar...
Bir başqa mətləb isə Quranda keçən artıq sözlərin əsas əksəriyyətinin hərflərdən ibarət olmasıdır. Həmin həriflər aşağıdakılardır:
ب، ك، ل، من، عن، ان بالكثرة، ان بالفتحة، ما...
Bu hərflərdən əlavə isim və fellərə də rast gəlinsə də hərflərə nisbət say cəhətdən azlıq təşkil etməkdədirlər.
Deməli Quran ayələrində bəzən həriflərin artıq olduğunu dedikdə onların boş və əbəs yerə işləndiyini başa düşməmək lazımdır. Doğru olan bu hərflərin erab cəhətdən artıq olduğudur. Yəni, həmin hərfləri cümlədən atsaq cümlənin ümumi mənası olduğu kimi qalacaq. Lakin, bu hərflərin varlığı mənaya təkid və bəlaği zənginlik əta etdiyi üçün artıq cümlənin məna dərinliyinə təsir etməkdədir. Nümunə olaraq aşağıdakı ayəni qeyd edək. "Maidə" sürəsinin 19- cu ayəsinə nəzər salaq:
......ما جاىنا من بشير.....
".....bizə heç bir qorxuducu gəlmədi....."
Ayədə keçən من hərfinə diqqət edin. Әgər cümlədən həmin hərfi silsək erab cəhətdən ümumi mənası dəyişməyəcək. Lakin, ayədə bu hərfin işlənməsi mənada böyük bir incəliyin yaranmasına səbəb olacaqdır. Çünki, bu hərf olmadan ayənin mənası sadəcə bir qorxuducuya işarə edirdisə bu hərfin gəlişindən sonra artıq ümuma işarə olunaraq təkid bildirilir. Yəni, bizə heç bir qorxuducu gəlmədi. Bu barədə olan misalları çoxaltmaq olar. Lakin, nəticədə aydın oldu ki, Quranda məna olaraq heç bir artıq söz işlənməyib. Erab cəhətdən belə artıq işlənən sözlər məna olaraq cümləyə əlavə yenilik və dərin bir möhtəva qatmaqdadır.....
Yorumlar
Yorum Gönder