"Ən-nəssu vəl ictihad”





Hicri-qəməri 1340-cı (miladi 1922-ci) ildə Ərəbistanda siyasi vəziyyət gərgin idi.
Vaxtilə Osmanlı valilərinin təqibindən Küveytə qaçmağa məcbur olmuş Səudilər sülaləsi Ərəbistanı yenidən öz əllərinə keçirmək uğrunda çalışırdılar. Birinci Dünya müharibəsinin sonunda məğlublar cərgəsində yer tutan Osmanlı imperiyasının torpaqları Qərb dövlətləri tərəfindən tikə-tikə edilib öz aralarında bölüşdürülürdü. Bundan istifadə edən ərəb əsilzadələri də müstəqillik elan etmişdilər. Məkkə və Mədinənin də daxil olduğu Hicaz vilayətində Peyğəmbər nəslindən olan (amma əhli-sünnə məzhəbinə mənsub) Şərif Hüseyn özünü Hicaz kralı elan etdi. Amma Qərbin dəstəklədiyi Səudilərin qarşısında Şərif Hüseynin hərbi və siyasi gücü zəif idi. Ərəbistan vilayətləri bir-birinin ardınca Səudilərə tabe olurdu...
Belə bir şəraitdə şiə aləmində böyük nüfuz sahibi olan alimlərdən Seyyid Şərəfüddin Amuli (məşhur “Əl-Müraciat” kitabının müəllifi) həcc ziyarətinə yollandı. Məlumdur ki, məzhəblər arası qarşıdurmalara görə həcc “tribunası”nda şiə məzhəbinə yer verilmirdi. Həcc ibadətlərinə rəhbərlik, Kəbə ətrafında qılınan namazlara imamlıq əhli-sünnə məzhəbli şeyxlərə həvalə edilmişdi. Lakin Seyyid Şərəfüddinin müqəddəs məkana ziyarəti bu ənənəni dəyişdirdi. Seyyidin nüfuzunu nəzərə alan Şərif Hüseyn Qurban bayramı günü Məkkədə qılınan camaat namazlarının birinə onun imamlıq etməsini təklif etdi. Beləliklə, uzun əsrlərdən sonra ilk dəfə miladi 1922-ci ilin həcc mövsümündə Məkkəni ziyarət edən hacılar cəfəri aliminin arxasında namaz qıldılar. Millətindən, irqindən və məzhəbindən asılı olmayaraq, Müqəddəs Şəhərin bütün qonaqları Seyyid Şərəfüddin Amuliyə iqtida etdilər. Tarixi məlumatlara görə, bu hadisəyə qədər 150 il idi ki, Məkkədə camaat namazına cəfəri alimi imamlıq etmirdi. Miladi XVIII əsrin sonlarında Məkkəni ziyarət etmiş, burada 2 il qalaraq əhli-sünnə fiqhinə vaqifliyi ilə sünni alimlərini heyrətə salmış, həcc məkanlarının, o cümlədən, hərəmin hüdudlarını dəqiqləklə müəyyən edib bəlirləmiş böyük cəfəri alimi Seyyid Mühəmməd Mehdi Bəhrül-ülumdan sonra bu şərəf məhz Seyyid Şərəfüddinə qismət oldu. Qeyd edək ki, Seyyid Şərəfüddin Hicaz kralı ilə birlikdə həccqabağı Kəbə evinin müşk-ənbərlə yuyulması mərasimində də iştirak etmişdi.
Qurban bayramı günündə adət üzrə Məkkədə olan bütün hörmətli qonaqlar, alimlər, dövlət adamları Hicaz kralının bayramını təbrik etmək üçün onun sarayına gəlirlər. Qeyd etdiyimiz kimi, o zamanlar Ərəbistan torpaqlarında Səudilər sülaləsinin mənsub olduğu vəhhabi əqidəsi kifayət qədər güclü idi.  Məkkə və Mədinə şəhərlərini ziyarət edən hacılara mübarək məkanları öpmək, onlara əl sürtmək qadağan edilmişdi. Xüsusilə, vəhhabi missionerləri bu yolla Allaha şərik qoşulduğunu iddia edir və camaat arasında təbliğat aparırdılar.
Seyyid Şərəfüddin Hicaz kralını təbrik edərək ona nəfis bir Quran hədiyyə edir. Şərif Hüseyn Quranı alıb öpür, gözlərinin üzərinə və alnına qoyur. Bu zaman Seyid Şərəfüddin soruşur: “Niyə əlahəzrət bir kitaba bu qədər ehtiram göstərir? Axı, öpdüyünüz keçi dərisindən hazırlanmış cildin arasındakı adi vərəqlərdir”. Şərif cavab verir: “Mən keçi dərisini deyil, onun arasındakı vərəqlərə yazılmış ilahi ayələri öpürəm”. Seyyid Şərəfüddin dərhal söyləyir: “Elə isə bilin ki, biz də Peyğəmbərin və ya imamların mübarək məzarları üzərindəki zərihlərə (məhəccərə) əl sürtüb öpəndə məqsədimiz dəmiri ya taxtanı öpmək deyil. Biz həmin dəmir ya taxta məhəccərin arxasında torpağa basdırılmış müqəddəs şəxsin məzarına təbərrük kimi əl sürtmək istəyirik”.
Şərif Hüseyn bu sözlərin müqabilində aciz qalıb, Mədinədə Peyğəmbərin məzarını ziyarət edənlərə əvvəllərdə olduğu kimi təzyiq göstərilməməsinə əmr verməyə məcbur olur. Vəhhabilər hakimiyyətə gələnə kimi bir neçə il ərzində ziyarətçilər müqəddəs məkanlara təbərrük məqsədilə əl sürtüb öpmək imkanına sahib olurlar.
Natiq Rəhimov

Yorumlar

Bu blogdaki popüler yayınlar

Əhli-Sünnə kitabları

"Cəhənnəmdə Bitən Gül" Asim Ərdəbili